• 02.07.2024
  • 316
ADNSU-Vorvik ikili diplom proqramının tələbələri İngiltərədə Yay Məktəbinə cəlb olunublar

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İngiltərənin Vorvik Universiteti arasıda "bərpa olunan enerji mənbələri" üzrə magistratura səviyyəsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində təşkil edilən Yay Məktəbinə cəlb olunan 38 nəfər tələbə 2024-cü il iyunun 30-da İngiltərəyə yola düşüblər. Qeyd etmək lazımdır 30 iyun-04 avqust 2024-cü il tarixləri arasında həyata keçiriləcək olan Yay Məktəbinin əvvəlindən sonuna qədər tələbələrin təhlükəsiz və sistemli səyahətinin təmin olunması üçün inzibati heyətdən olan və İkili Diplom Proqramının layihə rəhbəri vəzifəsini icra edən t.ü.f.d. Rafiq Əliyev müşayiətçi qismində onlarla birgə İngiltərəyə ezam olunmuşdur. Bundan başqa növbəti günlərdə inzibati heyətdən olan və İkili Diplom Proqramının tədris işləri üzrə koordinatoru vəzifəsini icra edən Leyla Həsənova və ADNSU-nun “Neft Mexanika” fakültəsi nəzdindəki “Mexanika” kafedrasında müəllim vəzifəsində çalışan Mahmud İsmayılovun da həm tələbələri müşayiət etmək, həm də təlim-tədris prosesində iştirak etmək üçün İngiltərəyə ezam olunmaları nəzərdə tutulmuşdur.

      Qeyd etmək lazımdır ki tələbələr artıq təhlükəsiz şəkildə İngiltərəyə çatmış, qalacaqları məkanda yerləşmiş və Yay Məktəbi çərçivəsində tərtib edilmiş cədvəl üzrə təlim-tədris prosesinə başlamışlar.

       35 gün davam edəcək Yay Məktəbi ərzində tələbələrə "WMG"-nin əcnəbi professor-müəllim heyəti tərəfindən "Energy Systems Integration" və "UK Renewable Energy Sector" modulları tədris olunacaq. Həmçinin, Yay məktəbi dövründə tələbələr Böyük Britaniyada günəş paneli tarlaları və külək turbinlərinin istismarı zonaları da daxil olmaqla aparıcı bərpa olunan enerji bölgələrinə, həmçinin sahə ilə əlaqəli şirkətlərə baş çəkməklə real sektordakı tendensiyalar barədə ən son məlumatları alacaq, yeni çağırışlar və perspektivlərlə bağlı daha əhatəli baxış bucağı əldə edəcəklər. Əlavə olaraq, Yay Məktəbinin tədris planında tarixi abidələrin, eləcə də muzeylərin tələbələr tərəfindən ziyarət edilməsi və bu qəbildən olan müxtəlif mədəni fəaliyyətlər öz əksini tapmışdır. Bundan başqa Vorvik Universitetində istər Dövlət Proqramı çərçivəsində, istərsə də öz hesabına təhsil alan azərbaycanlı tələbələrin icması ilə ikili diplom proqramı tələbələrinin görüşünün təşkil olunması da nəzərdə tutulmuşdur. 

      Ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacının təmin olunmasında öz töhfəsini verəcək olan İkili Diplom Proqramının ayrılmaz komponenti olan bu Yay Məktəbinin gənclərin bilik və bacarıqlarının inkişafında əvəzsiz təsiri olacaqdır. 

 
Qalereya