• 24.06.2024
  • 949
“2022-2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulu yekunlaşıb

Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) 2024/2025-ci tədris ili üçün sənəd qəbuluna son müraciət tarixi 20 iyun 2024-cü il olaraq müəyyən olunmuşdur.

Dövlət Proqramına dünyanın 16 ölkəsinə aid 103 ali təhsil müəssisəsi üzrə 835 namizəd müraciət etmişdir ki, bunlardan 209 nəfər bakalavriat, 626 nəfər isə magistratura səviyyəsi üzrə müraciət etmiş namizədlərin payına düşür.

Dövlət Proqramı çərçivəsində hər il  80 nəfər bakalavriat, 320 nəfər magistratura səviyyəsində olmaqla, ümumilikdə 400 nəfərədək Azərbaycan Respublikası vətəndaşlarının təhsilinin maliyyələşdirilməsi üçün yer ayrılır.

Daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, İtaliya Respublikasl, Almaniya Federativ Respublikası və daha çox müraciət olunan ixtisas istiqamətləri informasiya texnologiyaları, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili, mühəndislik və maliyyə yer alır.

Qeyd edək ki, sənədlərin ekspertizası bitdikdən sonra ardıcıl müsahibələrin həyata keçirilməsi və ilkin nəticələrin iyul ayında elan edilməsi nəzərdə tutulur.