• 13.05.2024
  • 338
“Warwick” Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında birgə təşkil olunan İkili diplom proqramı çərçivəsində intensiv tədris sessiyası baş tutub
29 aprel 2024-cü il tarixindən başlayaraq, 3 may 2024-cü il tarixinə qədər Vorvik Universitetinin "WMG" departamentinin əcnəbi-professor müəllim heyətindən olan dosent Maria Tareen Bərpa olunan enerji mənbələri ixtisası üzrə İkili Diplom Proqramı çərçivəsində "Advanced Renewable Energy Technologies" modulu üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunmuş intensiv tədris sessiyasına rəhbərlik etdi. Tələbələr külək enerjisi, günəş enerjisi, bioenerji, hidrogen enerjisi və hibrid enerji də daxil olmaqla, bərpa olunan enerji texnologiyalarının müxtəlif istiqamətləri ilə bağlı olan bu fənni maraqla qarşıladılar.
 
İntensiv sessiyalar ərzində baş tutan praktiki məşğələlər və geniş müzakirələr vasitəsilə tələbələr sahə ilə bağlı müxtəlif yönlü ən son çağırışlar, həmçinin nəzəri məlumatların real həyatdakı tətbiqləri, bərpa olunan enerji sahələri ilə bağlı müxtəlifyönlü ən son tədqiqatlar barədə qiymətli biliklər əldə etdilər. Təcrübə əsaslı tədris olunan bu fənn tələbələrə bərpa olunan enerji sahələri üzrə fundamental və çoxşaxəli anlayışları aşılamaqla yanaşı, onların gələcəkdə bu sektorda real həllər təklif edə biləcək ekspertlərə çevrilmələri üçün də zəruri bilik və bacarıqlara yiyələnmələrinə imkan yaradır.
 
Bu intensiv tədris sessiyası tələbələrin cari ilin iyul ayında Yay Məktəbi çərçivəsində İngiltərəyə səfərindən əvvəl İkili Diplom Proqramı çərçivəsində əcnəbi professor-müəllim heyətinin iştirakı ilə ADNSU-da təşkil olunmuş sonuncu sessiyadır. İngiltərədə 33 gün davam etməsi planlanan Yay Məktəbi ərzində tələbələrə "WMG"-nin əcnəbi professor-müəllim heyəti tərəfindən "Energy Systems Integration" və "UK Renewable Energy Sector" modulları tədris olunacaqdır. Sözügedən Yay Məktəbi dövründə tələbələr Böyük Britaniyada günəş paneli tarlaları və külək turbinlərinin istismarı zonaları da daxil olmaqla, aparıcı bərpa olunan enerji bölgələrinə, həmçinin sahə ilə əlaqəli şirkətlərə baş çəkməklə real sektordakı tendensiyalar barədə ən son məlumatları alacaq, yeni çağırışlar və perpektivlər ilə bağlı daha əhatəli baxış bucağı əldə edəcəklər. Bu isə son nəticədə onların sektor üzrə rəqabətqabiliyyətli mütəxəssislərə çevrilməsində fundamental bacarıq dəstlərinə yiyələnmələrini təmin edəcəkdir. Beləliklə, ADNSU və Vorvik Universiteti arasında bərpa olunan enerji mənbələri üzrə həyata keçirilən İkili Diplom Proqramı ölkəmizin bərpa olunan enerji mənbələri sahəsində müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacının təmin olunmasında öz töhfəsini verəcəkdir.
Qalereya