02 aprel 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirilib.
Sözügedən tədbir təhsillərini uğurla başa vurmuş məzunlar tanıdılması, onların məşğulluğunun təmin edilməsi, xaricdə təhsil almış savadlı gənclərin ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsi, ölkənin kadr potensialının gücləndirilməsi məqsədi daşıyıb.
Tədbirin birinci hissəsi Elm və Təhsil Nazirinin müavini Həsən Həsəlinin nitqi ilə açıq elan olunub, daha sonra Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadovun, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin nitqləri və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın hesabat çıxışı ilə davam edib. Həmçinin tədbirdə məzunlar üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”, “Dövlət Proqramı məzunlarının Dövlət Qulluğuna müraciət etmək qaydaları” və “Müasir dövrün dəyişən əmək bazarında xaricdə təhsilin rolu Əmək bazarına çıxış üçün nə tələb olunur” mövzularında maarifləndirici çıxışlar baş tutub.
Daha sonra isə Dövlət Proqramı məzunları üçün ölkənin 30-a yaxın nüfuzlu dövlət və özəl sektorlarını təmsil edən qurumların iştirak etdiyi karyera sərgisi təşkil olunub. Sərgidə məzunlarla müxtəlif qurumlar tərəfindən vakansiyalar paylaşılıb.