Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023/2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunmuşdur.
Müsabiqənin ilkin nəticələrinə əsasən ümumilikdə 134 nəfər namizəd müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanmışdır.
Təqaüd qazanan gənclər sırasında, həmçinin universitetlərin beynəlxalq reytinq sistemində "universitetlər üzrə top 10"dan 6 nəfər "UCL", 3 nəfər "Harvard University",1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "ETH Zurich", 2 nəfər "Imperial College London", 3 nəfər "Columbia University",1 nəfər isə "Stanford University" kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul almışdır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlərlə növbəti mərhələ olaraq müsahibələr keçirilməkdədir. Müsabiqə üzrə digər müraciətçilərin nəticələrinin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.