Amerika Birləşmiş Ştatlarının Kolumbiya Universitetində "Beynəlxalq təhsilin inkişaf etdirilməsi" ixtisası üzrə təhsil alan həmyerlimiz Günay Məmmədovanın təşəbbüsü ilə "Azərbaycan-Amerika Gənclər Federasiyası" təşkilatı yaradılmışdır. Yaradılan təşkilat ABŞ-ın Şərq sahili ştatlarında yaşayan gəncləri – tələbələri, məzunları və gənc peşəkarları bir araya gətirəcək. Yeni təşkilat artıq ABŞ-da rəsmi qeydiyyatdan keçmişdir. Təşkilatın başlıca məqsədi gənclərin səmərəli fəaliyyət göstərməsinə nail olmaq, onların akademik, peşəkar və şəxsi inkişafına töhfə vermək, Azərbaycan mədəniyyəti və dəyərlərini, eləcə də ölkəmizin həqiqətlərini yerli ictimaiyyətə çatdırmaqdır.