• 30.03.2023
  • 9175
2023/2024-cü tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu davam edir

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) təsdiq edilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Dövlət Proqramının müvafiq seçim meyarları və prosedurları nəzərə alınmaqla, 2023/2024-cü tədris ili üçün xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsi üçün 30 mart 2023-cü il tarixindən sənəd qəbulu açıq elan edilmişdir. Müvafiq elan mətni ilə keçiddən tanış olmaq olar.

Məlumat üçün bildiririk ki, Dövlət Proqramı çərçivəsində 2023/2024-cü tədris ilində təhsil üçün prioritet ixtisas sahələrinə uyğun bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı aidiyyəti qurumlarla razılaşdırılmaqla Elm və Təhsil Nazirliyi tərəfindən yenilənib. Yeni siyahı aşağıdakı 15 prioritet ixtisas sahələri üzrə dünyanın 28 ölkəsinin 194 nüfuzlu ali təhsil müəssisələrində tədris olunan 595 bakalavriat və 3561 magistratura olmaqla, ümumilikdə 4156 təhsil proqramını əhatə edir:

  1. informasiya texnologiyaları;
  2. mühəndislik;
  3. statistika və verilənlərin təhlili;
  4. fundamental və tətbiqi elmlər;
  5. ictimai səhiyyə;
  6. təhsil;
  7. ətraf mühit;
  8. aviasiya və kosmos;
  9. dövlət idarəetməsi;
  10. nəqliyyat və logistika;
  11. energetika;
  12. iqtisadiyyat;
  13. maliyyə;
  14. arxitektura və dizayn;
  15. kənd təsərrüfatı.

Sözügedən siyahıda həmçinin prioritet ixtisas istiqamətlərindən biri üzrə müvafiq ildə universitetlərin müvafiq beynəlxalq reytinq sisteminlərində "universitetlər üzrə top 10"da (ixtisas reytinqi/”subject ranking” nəzərə alınmır) yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər də müraciət edə bilərlər. Siyahıda əks olunan xarici ali təhsil müəssisələrinin bakalavriat və magistratura proqramları üzrə qəbul sənədləri əldə etmiş şəxslər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün keçiriləcək növbəti müsabiqədə iştirak etmək hüququ əldə edə biləcəklər.

Sənəd qəbulu üçün son tarix 1 iyun 2023-cü il / 23:59 (Bakı vaxtı ilə) müəyyən edilmişdir.