• 25.10.2022
  • 352
BMU-İNHA İkili Diplom Proqramının 1-ci kurs tələbələri ilə görüş keçirilib
2022/2023-cü tədris ili üzrə yüksək bal toplayaraq Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti ilə birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramına (İDP) qəbul olmuş tələbələrlə görüş keçirilib.
Görüşdə çıxış edən BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli tələbələri qazandıqları nailiyyətlər münasibətilə ilə təbrik edərək, artıq 3 ildir ki, uğurla icra olunan proqramın 2022/2023-cü tədris ili üzrə statistik göstəricilərini diqqətə çatdırıb. Cari tədris ilində daha yüksək göstəricilərin qeydə alındığını deyən H.Cəfərli proqram üzrə nəzərdə tutulan tələbə qəbulunun müvəffəqiyyətlə tamamlandığını, İDP çərçivəsində oxumaq hüququ qazanmış tələbələrin 50 nəfərinin 500, 49 nəfərinin isə 600 baldan çox nəticə göstərdiyini bildirib.
BMU-İNHA İDP üzrə layihə direktoru Yang Hyunjin da çıxışında qazanılan yüksək nəticələrə toxunaraq tələbələrə proqram haqqında zəruri məlumatlar təqdim edib.
BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov universitetin tarixi, burada tələbələr üçün yaradılan təhsil mühiti, eyni zamanda mühəndislik ixtisasları üzrə tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının əhəmiyyəti və digər məsələlərdən danışıb.
Mühəndislik fakultəsinin dekanı Hüseyn Mirzəyev, dekan müavini Əli Həsənov, Riyaziyyat və İnformatika kafedrasının müdiri Hümbət Əliyev, Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan davamlı işlər, dərslərin təşkili, universitetin tələbə mühiti və digər məsələlərdən söz açıblar.
Tələbələr proqram üzrə müvafiq qayda və prosedurlarla tanış edilib, onları maraqlandıran məqamlar ətraflı izah olunub.
Qeyd edək ki, BMU-İNHA İDP-yə qəbul olan tələbələr sırasında ən yüksək nəticə göstərən - Zoyarida Rəhimova Fazil qızı 667,5 balla “İnformasiya texnologiyaları” ixtisasını, Nilufər Hüseynli Aqil qızı 648,7 balla “İnşaat mühəndisliyi” ixtisasını, Zərifə Daşdəmirli Fuad qızı 643,5 balla “Elektronika mühəndisliyi” ixtisasını, Amin İslamov Adil oğlu 619,8 balla “Elektrik mühəndisliyi” ixtisasını seçib.