• 10.10.2022
  • 366
BMU və İNHA Universitetinin rektorunun Elm və Təhsil Nazirliyində görüşü
Oktyabrın 4-də elm və təhsil naziri Emin Əmrullayev Koreya Respublikasının INHA Universitetinin yeni təyin edilmiş rektoru Cho Myeong Woo ilə görüşüb.
Görüş zamanı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində “İnformasiya texnologiyaları”, “Elektronika mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “İnşaat mühəndisliyi” ixtisasları üzrə ikili diplom proqramının uğurlu icra edildiyi vurğulanıb və Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə INHA Universiteti arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin, görüşdə proqram çərçivəsində Koreya Respublikasında “İnformasiya texnologiyaları” ixtisası üzrə ilk təlimin uğurla təşkili və növbəti il digər üç ixtisas (“İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi”) üzrə 30 nəfərlik təlimin planlaşdırılması, Koreyadan gələn professorların 3 həftəlik tədrisi, eyni zamanda Koreyada keçirilən “Yay məktəbi”, gələn il tələbələr üçün ilk dəfə İNHA Universitetində birillik tədrisə hazırlıqlar və s. barədə danışılıb. 
Qeyd edək ki, BMU ilə İNHA arasında 2020-ci ildən bakalavriat səviyyəsi üzrə birgə uğurla reallaşdırılan ikili diplom proqramının müsbət nəticələrindən söz açılmış və cari tədris ili üzrə statistik məlumatlara əsasən, ikili diplom prqoramına qəbul olanların 85.3 %-ini yüksək nəticə göstərmiş abituriyentlərin təşkil edildiyi bildirilmişdir: ümumi 116 nəfərdən 49 nəfər 600-dən çox, 50 nəfər isə 500-600 arası bal. Bununla da cari il üçün proqram üzrə nəzərdə tutulan tələbə qəbulunun 90,6 %-i uğurla tamamlanıb.
Hazırda sözügedən proqram çərçivəsində 276 tələbə təhsilini davam etdirir.
 
Qalereya