• 29.09.2022
  • 456
2022/2023-cü tədris ilində BMU-INHA ikili diplom proqramına yeni qəbul olan tələbələrin yüksək göstəriciləri

2022/2023-cü tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) Koreya Respublikasının İNHA Universiteti ilə birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramına (İDP) qəbul olanların 85.5%-ini 500 və 600 baldan çox nəticə göstərmiş abituriyentlər təşkil etmişdir.

Qəbula dair nəticələrə görə, proqrama müraciət etmiş 309 abituriyentdən 117 nəfəri tələbə statusunu qazanmışdır. Bununla da cari il üçün proqram üzrə nəzərdə tutulan tələbə qəbulunun 91,4 %-i uğurla tamamlanmışdır. Qəbul olan tələbələrin 32 nəfəri “İnformasiya texnologiyaları”, 32 nəfəri “Elektronika mühəndisliyi”, 28 nəfəri “Elektrik mühəndisliyi”, 25 nəfəri isə “İnşaat mühəndisliyi” ixtisası üzrə təhsil alacaq.

İDP çərçivəsində oxumaq şansı əldə etmiş 117 tələbənin 51 nəfəri 500, 49 nəfəri isə 600 baldan çox nəticə göstərmiş abituriyentlərdir ki, bu da son iki qəbul ili ilə müqayisədə 500 və 600 bal toplayan tələbələrin say nisbətində müvafiq olaraq 58% və 54% artım deməkdir.

İDP-yə “İnformasiya texnologiyaları” ixtisası üzrə qəbul olmuş 32 tələbənin 30-u 600-dən çox, 2-si isə 570-dən artıq, “Elektronika mühəndisliyi” ixtisası üzrə 14-ü 600-dən çox, 16-sı 500-dən çox bal toplamışdır. Bundan başqa, “Elektirik mühəndisliyi” ixtisası üzrə 18 nəfər 500-dən artıq, 2 nəfər 600-dən çox, “İnşaat mühəndisliyi” ixtisası üzrə isə 15 nəfər 500-dən artıq, 3 nəfər isə 600-dən çox bal yığmışdır.

İxtisaslar üzrə ən yüksək nəticə göstərənlər sırasında Zoyarida Rəhimova Fazil qızı 667,5 balla “İnformasiya texnologiyaları” ixtisasını, Nilufər Hüseynli Aqil qızı 648,7 balla “İnşaat mühəndisliyi” ixtisasını, Zərifə Daşdəmirli Fuad qızı 643,5 balla “Elektronika mühəndisliyi” ixtisasını, Amin İslamov Adil oğlu 619,8 balla “Elektrik mühəndisliyi” ixtisasını seçmişdir.