• 10.08.2022
  • 1795
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərə aid ilk siyahısı təsdiq olunmuşdur

Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul yekunlaşmış və nəticələr müəyyən olunmuşdur.

Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahələri üzrə 673 nəfər Azərbaycan Respublikası vətəndaşı müraciət etmişdir.

Müsabiqənin ilkin nəticələrinə əsasən 80 nəfər namizəd bakalavriat səviyyəsi, 149 nəfər namizəd magistratura səviyyəsi üzrə müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olmuş və proqram iştirakçısı adını qazanmışdır. Müsabiqə üzrə digər nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Proqram iştirakçılarının ən çox müraciət etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, təhsil olmuşdur. Təqaüd qazanan gənclərimiz  dünyanın "Bilkent University", "Koç University", "Middle East Technical University", "University of Bonn", "University of Freiburg", "Stanford University",  "New York University", "Texas A&M University", "George Washington University(DC)", "Imperial College London", "University of Cambridge", "King’s College London", "London Business School", "UCL",  "University of Warwick", "University of Strasbourg", "University of Tartu", "Sapienza University of Rome", "Politecnico di Milano", "University of Toronto", "McGill University", "University of British Columbia", "University of Amsterdam", "Korea Advanced Institute of Science and Technology (KAIST)", "Nanyang Technological University, Singapore", "Monash University", "University of Sydney", "KU Leuven" kimi nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.

Dövlət Proqramının illik hədəf göstəricisində 400 təqaüdün verilməsi və magistratura səviyyəsi üzrə mövcud  kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq 10-25 avqust 2022-ci il tarixlərində yenidən sənəd qəbulu elan olunur.

Müvafiq elan mətni ilə keçiddən tanış olmaq olar.