• 16.11.2021
  • 657
ADPU-CVU ikili diplom proqramının tələbələrinin Təhsil Nazirliyinin nümayəndəsi ilə görüşü

Noyabrın 14-də “2019-2023 Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşınqton Universitetinin birgə həyata keçirdiyi “Təhsil və insan kapitalının inkişafı” ixtisası üzrə ikili diplom proqramında təhsil alan tələbələrlə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Orxan Abbasovun görüşü keçirilmişdir.

Görüşün əsas məqsədi dövlət proqramı tələbələrinin ümumitəhsil məktəblərinin idarə olunması, qarşıda duran hədəflər və onlara nail olmaq üçün həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olmaq, təhsil idarəçilərindən tələb olunan  bilik və bacarıqlar ətrafında müzakirələr aparmaqdan ibarət olmuşdur.

Görüş, eyni zamanda, birinci və ikinci kurs tələbələri arasında əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsi etməsi məqsədini daşımışdır.

Tələbələrin marağına səbəb olan görüşdə ümumtəhsil məktəblərində tədrisin təşkili ilə bağlı praktikada rastlaşılan hallar, dünya ölkələrinin qabaqcıl təcrübəsi ətraflı müzakirə edilmiş, tələbələri düşündürən suallar ətrafında fikir mübadiləsi aparılmışdır.

Orxan müəllim tələbələrlə öz təcrübəsini bölüşmüş, tədqiqatlarının mövzu istiqamətləri barədə tövsiyələrini bölüşmüşdür. Xüsusən regionlarda yerləşən təhsil müəssisələrinin fəaliyyətləri ilə tanış olmaq məqsədilə  adıçəkilən məktəblərə səfərlərin təşkil edilməsinin, tədqiqatların aparılmasının tələbələr üçün maraqlı olacağı vurğulanmışdır.