• 13.07.2021
  • 428
2021-ci il payız semestri üzrə xaricdə doktorantura təhsilinə dair “Kənd təsərrüfatının davamlı inkişafda rolu” mövzusunda vebinar

“2019-2023 Dövlət Proqramı” çərçivəsində 16 iyul 2021-ci il, saat 11:00-da “Kənd təsərrüfatının davamlı inkişafda rolu” mövzusunda vebinar keçiriləcək.

Vebinarda spiker qismində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) Tədqiqatlar Departamentinin rəhbəri Pərviz Əliyev və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibliyinin sosial-iqtisadi məsələləri üzrə eksperti Elnur İbrahimov çıxış edəcək.

Pərviz Əliyev kənd təsərrüfatının iqtisadiyyatı sahəsində 5 ildən çox təcrübəyə malikdir. Kənd təsərrüfatı sahəsində çoxsaylı yerli və beynəlxalq layihələrdə milli ekspert kimi iştirak edən Pərviz Əliyev Azərbaycanda Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrs Sistemləri (GİAHS) üzrə milli əlaqələndiricidir və hazırda ATM-in doktorantıdır.

Bakalavr diplomunu Azərbaycan Dövlət İqtisad Universiteti və magistr diplomunu Çexiyanın Masarık Universitetindən əldə edən Elnur İbrahimov Dövlət Sosial Müdafiə Fonduda maliyyə məsləhətçisi və beynəlxalq şirkətdə maliyyə təhlilçisi vəzifələrində çalışmışdır. Elnur İbrahimov müntəzəm olaraq Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində BBA və MBA proqramlarında mühazirələr oxuyur.

Vebinarın keçirilməsində əsas məqsəd Kənd təsərrüfatı ixtisas istiqamətinin qlobal perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura səviyyəsi üzrə “Kənd təsərrüfatı” ixtisas istiqaməti üzrə qəbul barədə ətraflı məlumatın verilməsidir.

Vebinar "Microsoft Teams" proqramı üzərindən keçiriləcəkdir.

Vebinarda iştirak üçün son qeydiyyat tarixi: 15.07.2021-ci il

Vebinara qeydiyyat üçün linki keçiddən əldə edə bilərsiniz.