• 29.04.2024
  • 203
Dövlət Proqramı iştirakçısı BMT-nin Sammitində iştirak edib

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının “Columbia University” ali təhsil müəssisəsində “Beynəlxalq Təhsilin İnkişaf etdirilməsi” ixtisası üzrə Magistratura səviyyəsində təhsil alan Günay Məmmədova Birləşmiş Millətlər Təşkilatının Qlobal Öhdəlik Sammitində iştirak edib. 

 

“İnsanlar və planet üçün irəli” şüarı altında baş tutan sammit BMT-nin Nyu York şəhərində yerləşən baş qərargahında keçirilib. Tədbir çərçivəsində Proqram iştirakçımız ABŞ və eləcə də digər ölkələri təmsil edən 1000-dən çox gənc liderlə bir araya gəlib. 

 

Günay Məmmədova BMT rəsmiləri və peşəkarlar tərəfindən ünvanlanan gənclərin hüquq və vəzifələri, dayanıqlı inkişaf və iqlim dəyişikliyi, insan hüquqları və texnologiya, münaqişə hallarında gənclərin hüquqları və psixoloji davamlılıq kimi panel müzakirələrində iştirak edib, tədbir iştirakçıları ilə fikir mübadiləsi aparıb. Sammit çərçivəsində BMT Baş Katibinin sözçüsü Stefan Dujarrik, BMT Fondunun Prezidenti Elizabet Kuzens, ABŞ-nin BMT-də səfiri Linda Tomas-Qrinfild, eləcə də UNICEF, BMT İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Dünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək təşkilatı, Google və s. təşkilat və şirkətlərin rəsmiləri gənclərlə interaktiv panellərdə iştirak edib. 

 

Qeyd edək ki, Günay Məmmədova daha öncə payız smestri boyunca BMT missiyasında təcrübə proqramı keçmişdir. 

Qalereya