Aylıq yaşayış xərcləri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 445 saylı 13 noyabr 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 2.1.3-cü yarımbəndinə uyğun olaraq, proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının aylıq yaşayış xərclərini də əhatə edir.

Həmin Qaydaların 2.5-ci yarımbəndinə uyğun olaraq, Aylıq yaşayış xərclərinə bu Qaydaların 2.1.1-ci, 2.1.2-ci, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində göstərilən xərclər istisna olmaqla, proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, qidalanma və digər xərcləri aiddir. Proqram iştirakçısının aylıq yaşayış və tədris materialları ilə təminat xərclərinin məbləği və valyutası bu Qaydaların əlavəsinə uyğun olaraq müəyyən edilir.

 

Aylıq yaşayış xərcləri proqram iştirakçısının təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş təhsilin başlama və bitmə tarixlərinin göstərildiyi sənəd* əsasında proqram iştirakçısının bank hesabına ödənilir. Sözügedən bank hesabı Azərbaycan Respublikası təhsil nazirinin 18.12.2019-cu il tarixli F-745 nömrəli əmri ilə təsdiq edilmiş “2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə dotorantura təhsili almaq hüququ qazanan Azərbaycan Respublikası vətəndaşı ilə imzalanan 3 tərəfli (Təhsil Nazirliyi, razılıq məktubunu təqdim edən yerli ali təhsil müəssisəsi və proqram iştirakçısı) müqavilə formasının 3.1.3-cü yarımbəndinə uyğun olaraq Nazirlik tərəfindən “Dövlət Proqramı 2019-2023” təqaüd kartını üzərindən təmin edilir.

*Qeyd: Sözügedən qeydiyyat-"enrollment" sənədi müvafiq səlahiyyətli şəxs tərəfindən imzalanmış və ya möhürlü və üzərində bu sənədin verilmə tarixi əks olunmuş olmalıdır. Sənəd rus, türk, ingilis dillərindən başqa digər dillərdə olduğu təqdirdə Azərbaycan və ya həmin dillərdən birinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmalıdır - nümunə;

“2019-2023 DP təqaüd kart”ı Dövlət Proqramı çərçivəsində xaricdə doktornaturada təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına yalnız yaşayış xərclərinin qarşılanması məqsədilə təqdim edilir. Kartlara yüklənmiş təqaüdün məbləğinin hesablanması “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının aylıq xərc normalarına uyğun olaraq müəyyən edilir.

Kartdan istifadəyə dair ətraflı məlumat keçiddən əldə edilə bilər.

 

Sözügedən Qaydaların 3.13-cü yarımbəndinə uyğun olaraq, proqram iştirakçısı hər hansı səbəbə görə xarici ali təhsil müəssisəsinin olduğu ölkəyə xarici ali təhsil müəssisəsində tədrisin başlama tarixindən daha gec daxil olduqda və ya həmin xarici ali təhsil müəssisəsində daha gec qeydiyyatdan keçdikdə, onun aylıq yaşayış xərcləri gecikmə müddətinə uyğun olaraq azaldılır.

Qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.