• 21.04.2020
  • 1223
"2007-2015 Dövlət Proqramı" məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində
Artıq bir  müddətdir ki, bütün dünya ölkələri  koronavirus pandemiyası təhlükəsinin nəticələri və onun yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı, təxirəsalınmaz addımlar atır. Dünyada dərin iqtisadi və maliyyə böhranı yaradan pandemiyanın ağır fəsadlarının qarşısını almaq üçün ölkəmiz də  sistemli  və vacib tədbirlərlə tam  səfərbər olub.
Prezident İlham Əliyevin uzaqgörənliyi, proseslərə  dərhal ciddi reaksiya verməsi, onun rəhbərliyi ilə atılan bütün vacib addımlar  digər ölkələr üçün nümunəyə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin verdiyi rəylərdən də məlum olduğu kimi,  Azərbaycanın bir sıra  böyük dövlətlərdən fərqli olaraq pandemiyaya qarşı mübarizəsi effektiv nəticələr verməkdədir.   
 
Çox sevindirici haldır ki,  Azərbaycan təhsil sisteminin yetirmələri olan mütəxəssislərin , "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə tibb təhsili almış şəxslərin də bu prosesdə  müxtəlif formalarda  rolu var.  Xaricdə yüksəkixtisaslı mütəxəssislər kimi yetişən azərbaycanlı məzunlar artıq pandemiyaya ilə mübarizə sahəsində öz  töhfələrini  verirlər.
 
Qeyd edək ki,  Dövlət Proqramı təqaüdçülərinin pandemiya ilə mübarizə səyləri  aprelin 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ( TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı   tərəfindən də xüsusi vurğulanıb və bildirilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı " çərçivəsində  Türkiyədə tibb təhsili almış 20 azərbaycanlı gənc vətənə qayıdaraq pandemiya ilə mübarizəyə cəlb olunub.  Məzunlarımız  həm xəstələrə  tibbi xidmətlərin göstərilməsində, həm də müsbət təcrübə mübadiləsində iştirak edirlər ki, bu da ümumi işin keyfiyyətini daha da artırır.
 
Xüsusilə qeyd olunmalıdır ki,  Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunması məqsədilə  martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsi istifadəyə verilib.  Prezident İlham Əliyev və Birinci vitse- prezident  Mehriban Əliyevanın açılışında iştirak etdiyi bu xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışır. Adıçəkilən tibb müəssisəsinin heyətində, həmçinin hazırda koronavirusa yoluxan ölkə vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunmasında da Dövlət Proqramı məzunları   - Qumral  Ələkbərova, Cavid Əhmədov, Vüqar Quliyev, Emin Qasımov və  b. iştirak edir. 
 
“Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov da açılış mərasimində həmin gənclərin koronavirusla mübarizəyə öz töhfələrini verməsini xüsusi qeyd edib: "Zamanında verilmiş fərmanlar, sərəncamlar, o cümlədən dövlət proqramları nəticəsində bizim çoxsaylı tibb mütəxəssisləri dünyanın müxtəlif ölkələrində tibbi ixtisasa yiyələnmişlər və onlar Vətənə qayıdaraq burada xidmət göstərirlər".
Qabaqlayıcı tədbirlərin ən mühüm istiqaməti kimi təhlükəli virusun yayılmasının qarşısının alınması məqsədilə aparılan maarifləndirici tədbirlərin də əhəmiyyəti  danılmazdır.  Bu prosesdə bütün cəmiyyət üzvləri, təhsil işçiləri, həkimlər, ziyalıların  iştirakı, səyləri öz müsbət effektini verməkdədir və təqdirəlayiq  haldır ki, Dövlət Proqramı  məzunları maarifləndirmə istiqamətində də yaxından iştirak edirlər.
 
Koronavirus pandemiyası ilə bağlı onkoloji xəstələrin məlumatlandırılması məqsədilə  Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev ilə hazırda Almaniyanın Frankfurt Universitetinin Onkoginekologiya şöbəsinin əməkdaşı,  tibb üzrə elmlər doktoru,  Dövlət Proqramı məzunu Xəyal Qasımlının  koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələri dərc edilib.
Dövlət Proqramının digər  məzunları olan həkimlər - Vasif Əliyev, Qumral Ələkbərova   tərəfindən də mediada pandemiya ilə əlaqədar maarifləndirici məqalələr, çıxışlar və s. ardıcıl yer alır.
 
Oruc MUSTAFAYEV
 
                                                                                                                                           
 


 

Qalereya