• 05.10.2021
  • 533
İkili diplom proqramına qəbul olunan tələbələrlə görüş keçirilib
Oktyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Təhsil İnstitutu (ARTİ) tərəfindən ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” proqramı və ADPU ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında icra edilən beynəlxalq ikili diplom proqramına 2021-2022-ci tədris ili üzrə qəbul olunan tələbələrlə görüş keçirilib.
Görüşdə təhsil naziri Emin Əmrullayev, ADPU-nun rektoru Cəfər Cəfərov və digər qonaqlar iştirak ediblər.
Tədbirdə giriş nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov tədbir iştirakçılarına rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, yeniliklər və proqramlar haqqında ətraflı məlumat verib. 
Təhsil naziri Emin Əmrullayev görüşün məqsədinin beynəlxalq ikili diplom proqramı və “SABAH Magistratura” proqramından gözləntilərin müzakirəsi olduğunu bildirib. Yeni tədris ilinin ötən illərdən fərqli olduğunu vurğulayan Emin Əmrullayev deyib ki, qeyd olunan ikili diplom və “SABAH Magistratura” proqramı, o cümlədən “SABAH qrupları” layihəsinin Azərbaycan təhsilində özünəməxsus yeri var və bu proqramlar sürətli şəkildə kadr hazırlığı, hər bir təhsilalana keyfiyyətli təhsil vermək məqsədi daşıyır. 
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.