• 24.07.2020
  • 798
“Ali təhsil sistemi hər an yeniliklərə hazır olmalıdır”
Gülay Məmmədova: “Tədrisdə canlı ünsiyyət və müzakirələr əvəzolunmazdır”
 
Qloballaşan dünya reallıqları ali təhsil sistemində bir sıra yeni prioritetlərin, inkişaf trendlərinin gündəmə gəlməsi ilə səciyyələnir. Yeni prioritetlərdən bəhs edərkən söhbət universitetlərin sürətlə dəyişən reallıqlara adekvat cavab verməsindən, yüksək rəqabətli, peşəkar, hazırlıqlı tədqiqatçıların hazırlanması sahəsində fəaliyyətin  gücləndirilməsindən gedir. Ali təhsildə rəqabətliliyin təmin olunması isə, ilk növbədə, universitetlərdə aparılan elmi tədqiqatların səviyyəsindən, yeni akademik mühitin yaradılmasından, gənc tədqiqatçılar nəslinin yetişdirilməsindən bilavasitə asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ildə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” da məhz universitetlər üçün yeni tədqiqatçıların hazırlanmasını nəzərdə tutur.
 
Bu proqram çərçivəsində artıq  dünyanın aparıcı universitetlərində  təhsil alacaq tələbələrin bir qrupu  müvafiq meyarlar əsasında seçilərək müəyyən olunub. Onlardan biri də “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  Belçikanın Ghent Universitetində “Təhsilin idarə olunması” ixtisası üzrə doktorantura təhsili almaq imkanı qazanmış Gülay Məmmədovadır.  
 
Tanıtım: Gülay Rauf qızı Məmmədova 24 sentyabr 1994-cü ildə Gəncə şəhərində anadan olub.   2000-2011-ci illərdə Bakı Avropa Liseyində təhsil alıb. Orta məktəb illərində bir sıra tədbir və fənn olimpiadalarında iştirak edib. 10-11-ci siniflərdə İNEPO-Avrasiya Ətraf Mühitin Mühafizəsi üzrə  IV-V layihə olimpiadalarında  iştirak edib və 2 dəfə qızıl medala layiq görülüb. 2011-ci ildə həmin məktəbi medal və fərqlənmə attestatı ilə bitirib.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqə nəticəsində bakalavr təhsilini xaricdə davam etmək imkanı qazanıb. İsveçrənin Glion Universitetində biznesin idarəolunması, turizm və otelçilik ixtisası üzrə təhsilini davam etdirib  və 2015-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın  Surrey Universitetində “İnsan resurslarının idarə olunması”  ixtisası üzrə magistr təhsili alaraq, 2016-cı ildə həmin ali məktəbi uğurla bitirib. Xaricdə bakalavr və magistr təhsili illərində də müvafiq nailiyyətlər əldə edib. İngiltərədə təhsil aldığı  dövrdə “Azərbaycanda qonaqpərvərlik” mövzusunda məruzəsi “BBC Radio 4” layihəsinə qəbul olunub və bu mövzu ilə çıxış edib. Bu məruzə Britaniya Kitabxanısının onlayn arxivində saxlanılır. Surrey Universitetindən məzun olduqdan sonra vətənə qayıdaraq təhsil sahəsində çalışıb. 2019-cu ilin iyul ayından etibarən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər İnstitutunda karyera məsləhətçisi kimi fəaliyyət göstərib.
 
- Dövlət Proqramına qəbul olundunuz. Proses sizin üçün necə keçdi? Təhsil Nazirliyinin bu layihənin reallaşmasında töhfəsini necə dəyərləndirirsiniz?
 
- Bir Dövlət Proqramı namizədi kimi deyə bilərəm ki, Təhsil Nazirliyinin bu prosesdə rolu olduqca müsbət olaraq müşahidə olunmuşdur.  Elektron müraciət prosesindən başlayaraq tam nəticələrin elan edilməsi müddətinəcən  hər şey olduqca aydın və şəffaf idi. Həmçinin də, müvafiq suallar Təhsil Nazirliyinin əməkdaşları tərəfindən vaxtı-vaxtında və aydın şəkildə cavablandırılmışdır.
 
- Ölkəmiz üçün yüksək hazırlıqlı mütəxəssislərin hazırlanmasında Proqramın əhəmiyyətini necə qiymətləndirirsiniz?
 
- Qeyd etmək istərdim ki, üçüncü dəfədir ki, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq imkanı  qazanıram və bu, mənim üçün çox böyük uğurdur.  Hesab edirəm ki,  bu yolda  atılan hər bir addım insandan yetərincə vaxt, səbr və əziyyət tələb edir. Və sonda müsbət nəticəyə nail olduqda bir tələbə kimi böyük bir qürur hissi keçirirəm. 
 
Hər bir Azərbaycan gəncini bu proqramdan yararlanmağa çağırıram. Bu proqramın mövcud olması, nəinki xaricdə təhsil arzusunu dövlət hesabına həyata keçirmək imkanını qazanmaq, həmçinin də Azərbaycanın çoxəsrlik mədəniyyətini və milli-mənəvi dəyərlərini beynəlxalq miqyasda tanıtmaq  üçün böyük bir şansdır.
 
- Doktorantura mövzunuz hansı məsələləri nəzərdə tutur?
 
- Mənim növbəti Dövlət Proqramı çərçivəsində doktorantura mövzum təhsil sistemindəki innovativ islahatların qiymətləndirilməsi ilə bağlıdır.  Əsas araşdırma istiqamətim isə Azərbaycan Respublikasında  peşə təhsili və təlimidir. Bildiyiniz kimi,  son illərdə təhsil sistemində ardıcıl olaraq məqsədyönlü islahatlar aparılır. Belə ki, Azərbaycan Respublikasının Peşə Təhsili və Təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, hüquqi bazanın inkişaf etdirilməsi, peşəkar kadr hazırlığı, daxili keyfiyyət təminatı və təhsilin məzmununun inkişafını peşə təhsil və təlimi sistemində innovativ islahatların tətbiqi ilə əldə etmək olar. Həmin hədəflərin necə qiymətləndirilə və nə dərəcədə qarşılana biləcəyini öyrənmək daha böyük məqsədlərin qarşılanması və inkişafa təkan verilməsi üçün mühümdür.
 
- Ölkəmizdə peşə təhsilinə diqqət son illər artıb. Sizcə, bu sahənin inkişaf etdirilməsi hansı zərurətdən irəli gəlir və Azərbaycanda bu sahədə həyata keçirilən islahatlara münasibətiniz.
 
- Qeyd edim ki, peşə təhsili və təliminin ümumi iqtisadi inkişafdakı əhəmiyyətini nəzərə alaraq, bir çox dünya ölkələri  hazırda bu sahənin inkişafı üzrə proqramlar hazırlayır və həyata keçirir. 
 
Azərbaycan Respublikasının Peşə Təhsili və Təlimi (VET) sistemi məzmununda bəzi məsələlərin həlli üçün strategiya və proqramlar irəli sürülüb. Belə ki, 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Peşə Təhsil Agentliyi peşə təhsil sisteminin səmərəliliyini artırmaq və yerli əmək bazarını istedadlı namizədlərlə təmin etmək məqsədi ilə yaradılıb. Statistik məlumatlara əsasən, məzunların 11%-dən azı Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə qəbul olunur, lakin inkişaf etməkdə olan ölkələrdə bu göstərici 40-60%-ə bərabərdir.
 
Məsələn, İsveçrənin Peşə Təhsili və Təlimi sistemi (apprenticeship) nümunəsinə nəzər saldıqda müəyyən etmək olar ki, sözügedən istiqamətin seçimi İsveçrə gəncləri arasında çox məşhurdur. İsveçrədə müxtəlif sahələrdən olan kiçik və böyük müəssisələr 15-19 yaş arası gənclər üçün “apprenticeship” təlimlərini təşkil edirlər. Gənclər iqtisadiyyat, maşın istehsalatı, əczaçılıq, eyni zamanda banklar, pərakəndə mağazalar, xəstəxanalar, uşaq bağçaları və sığorta agentliklərinə qədər olan 230-dan çox peşəni seçməkdə sərbəstdirlər. Gənc yaş qrupunun təxminən 70%-i bu istiqaməti seçir. Müvafiq peşədə iş təcrübəsi aldıqdan sonra gənclər ya əmək bazarına, ya da ali təhsil sisteminə keçmək hüququna malikdirlər. İsveçrə təhsilinin qanunvericiliyinə əsasən əvvəlcə iş təcrübəsi almış şəxs daha sonra universitet təhsili ilə davam edə bilər. Hökumət tərəfindən bu istiqamətin doğru bir istiqamət olduğu dəstəklənir, çünki bu, gənclər arasında  işsizliyin qarşısını almaqla, həm də sosial sabitliyə kömək edir.  Bu təşəbbüsü dəstəkləyən təkcə hökumət deyil, həm də özəl sektordur.
 
Azərbaycan Respublikasının Peşə Təhsil və Təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən, hüquqi bazanın inkişaf etdirilməsi, peşəkar kadr hazırlığı, daxili keyfiyyət təminatı və təhsilin məzmununun yaxşılaşdırılmasını peşə təhsil və təlimi sistemində innovativ islahatların tətbiqi ilə əldə etmək olar. Belə ki, doktorantura mövzu seçimim də bu araşdırmalardan irəli gəlmişdir.
 
- Necə bilirsiniz, doktorant kimi aparacağınız tədqiqatların tərəfdaş ali təhsil müəssisəsi üçün nə kimi əhəmiyyəti olacaq?
 
- Araşdırmam təhsil sistemindəki innovativ islahatların qiymətləndirilməsi ilə bağlıdır və ADA Universiteti innovativ meylləri və beynəlxalq standartları diqqətlə izlədiyinə görə, töhfəmin önəmli olacağına inanıram. Xüsusilə də tədqiqat mövzumun hazırda universitetdə fəaliyyət göstərən Təhsilin İdarəolunması və həmçinin də İctimai və Beynəlxalq Münasibətlər İnstitutları üçün də əhəmiyyətli olacağını düşünürəm.
 
- Növbəti proqram, adından da göründüyü kimi, ali təhsil sistemimizin beynəlxalq rəqabətliliyinin gücləndirilməsini nəzərdə tutur. Sizcə, yüksək rəqabət qabiliyyətlilik dedikdə nə başa düşülməlidir, universitet nə zaman rəqabətqabiliyyətli olur?
 
- Mənim fikrimcə, universitetin rəqabətqabiliyyətliliyi onun rəqabətqabiliyyətli insan kapitalından irəli gəlir.  Məhz daha iddialı və ya ambisiyalı olmaq daha çox məqsədəuyğun ola bilər. Eyni məqsədli iddialar eyni zamanda irəli sürüldükdə, daha çox uğurlu nəticənin əldə edilməsinin mümkün olduğunu düşünürəm.
 
Əlbəttə, burada innovativ mühitin, qabaqcıl texnologiyaların və modern infrastrukturun da rolu zəruridir, ancaq ilk amillərdən biri, daha öncə də qeyd olunan kimi, insan kapitalıdır - yəni, kadrların iş mühitinə düzgün cəlb olunması.
 
- Necə düşünürsünüz, ali təhsil sistemi, universitetlər pandemiyadan hansı nəticələri çıxarmalıdır?
 
- Məncə, ali təhsil sistemi hər bir an çevikliyə və yenilikləri qəbul etməyə hazır olmalıdır. Təbii ki, qabaqcıl texnologiyaların da bu istiqamətdə rolu danılmazdır. Həmçinin də, kadrların da mütəmadi olaraq bu istiqamətlərdə istər texniki və ya risklərin idarəolunması kimi təlimlərə göndərilməsi məqsədəuyğun hesab oluna bilər.
 
- Pandemiyanın beynəlxalq tələbə mobilliyinə təsiri barədə nə deyə bilərsiniz?
 
- Bir sıra xarici universitetlər tələbələri onlayn təhsil proqramlarına cəlb edib və cəlb etməkdə davam edir. Onlayn təhsil bir müddət ərzində  fiziki təhsili bəlkə də əvəz edə bilər, ancaq təhsil mühitində canlı ünsiyyət və müzakirələr əvəzolunmazdır. Ümid edirəm ki, tələbələr vəziyyət normallaşandan sonra təhsil aldıqları universitetlərə dönəcəklər.
 
- Gələcək hədəfləriniz barədə..
 
- Qeyd etmək istərdim ki, xaricdə bakalavr və magistr təhsilimi başa vurduqdan sonra, ölkəyə döndüyüm vaxtdan etibarən, artıq 3 ildir ki, təhsil sahəsində çalışıram. Gələcək hədəfim doktorantura təhsilimi uğurla başa çatdırmaq və Azərbaycana dönüb təhsil sahəsində fəaliyyətimi davam etdirməkdir.
 
 
Oruc MUSTAFAYEV