• 02.07.2020
  • 1431
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili müsabiqə (I) nəticələri açıqlanıb
“2019-2023 Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə müraciət edən namizədlərin müsabiqə nəticələri açıqlanıb. Ümumilikdə, elektron ərizə sistemi vasitəsilə müraciətini təsdiq etmiş 67 nəfərdən 45 namizəd müsahibə mərhələsinə buraxılmış və müsabiqə nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı “2019–2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. 2 nəfər isə şəxsi səbəblərdən proqramda iştirakdan imtina edib. 
Təqaüdə layiq görülmüş proqram iştirakçıları ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, Kanada, Türkiyə,  kimi ölkələrin nüfuzlu ali təhsil müəssisələrində (“University of South Florida”, “University Paris 5 – Universite Rene Descartes”, “İstanbul Üniversitesi”, “Charité - Universitätsmedizin Berlin”, “University of Alberta”,” Edinburgh University”) tədqiqat aparacaqlar. Onlar əsasən iqtisadiyyat və idarəetmə, təbiət, səhiyyə və rifah, texniki və  texnoloji, humanitar və  sosial ixtisas istiqamətləri üzrə elmi-tədqiqat işləri həyata keçirəcəklər.  
Proqram iştirakçıları ilə bağlanmış müqavilənin şərtlərinə əsasən onlar “2019-2023 Dövlət Proqramı” çərçivəsində təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Eyni zamanda, onların təhsil aldıqları dövrdə yerli ali təhsil müəssisəsinin təlim-tədris sisteminin yenilənməsi, kurikulumların hazırlanması, birgə elmi-tədqiqatın aparılması və elmi məqalələrin hazırlanması prosesində iştirakları nəzərdə tutulub.  İştirakçılar ilə üçtərəfli müqaviləni imzalamış tərəfdaş yerli ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və Xəzər Universiteti ön sıralarda yer alır.
Qeyd edək ki, “2019–2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı I müsabiqənin nəticələrinə dair geniş statistika ilə buradan tanış ola bilərsiniz.
Xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi və stimullaşdırılması müxtəlif sahələrdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının səmərəliliyini artıracaq və Azərbaycan Respublikasında təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiyasını, habelə beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində irəliləyişi təmin edəcəkdir.
Bütün iştirakçılara təhsillərində və elmi fəaliyyətlərində uğurlar arzulayırıq!
 
Qalereya