• 31.10.2022
  • 411
BMU-İNHA İDP tələbələrinin 84-cü TOPİK imtahanında iştirakı

BMU-İNHA ikili diplom proqramının (bundan sonra BMU-İNHA İDP) 2-ci və 3-cü kurs tələbələri Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və BMU-İNHA İDP-nin təşəbbüsü ilə ümumirespublika üzrə 16 Oktyabr 2022-ci il tarixində keçirilmiş Koreya dili bacarıqlarının qiymətləndirilməsi üzrə 84-cü TOPIK (Test of Proficiency in Korean) imtahanında iştirak etmişdir.

Ötən ildən etibarən imtahanın BMU-da keçirilməsinin səbəbi ikili diplom proqramı üzrə 2020, 2021 və 2022-ci illərində 3 qəbulun aparılması (ümumi 274 nəfər), həmçinin TOPIK imtahanında iştirakçılarının yarıdan çoxunun İDP tələbələrinin təşkil etməsi olmuşdur.

TOPIK I və TOPIK II olaraq iki yerə bölünən imtahana ümumilikdə 283 nəfər tələbə qatılıb ki, onların 100-ə yaxını BMU-İNHA İDP tələbələridir.

 “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramında tələbələr IV kursda təhsillərini İNHA Universitetində davam etdirmək üçün proqramın şərti olan TOPIK imtahanından keçməli və Koreya dili üzrə tələb edilən müvafiq göstəricini əldə etməlidir. Buna görə də tələbələr ilk semestrdən Koreyada təhsil almış peşəkar müəllimlər tərəfindən dil bacarıqlarına yiyələnir.

Qeyd edək ki, hər il Koreya Beynəlxalq Təhsil İnstitutu tərəfindən Koreya dili bacarıqlarının qiymətləndirilməsi üçün Koreya ilə paralel olaraq dünyanın müxtəlif ölkələrində TOPIK imtahanı keçirilir.

İmtahanının nəticələri isə Koreyanın Beynəlxalq Təhsil üzrə İnstitutu tərəfindən noyabrın 25-də elan ediləcək.