• 27.08.2021
  • 573
ADAU-Ege Universitetləri arasında ikili diplom proqramı

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı 2021/2022-ci tədris ilində bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisasları üzrə dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu elan edir.

Hər bir ixtisas üzrə illik qəbul planı 30 tələbədir. 4 illik proqramın ilk 3 il Gəncədə ADAU-da, son 1 ili isə İzmirdə Ege Universitetində tədris olunacaq. Tələbələrə ADAU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün türk dili dərsləri keçiriləcək.

Tələbələrin qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılır.