• 18.05.2021
  • 1071
“2019-2023 Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin yaz semestri üzrə xaricdə doktorantura təhsili almaq hüququ qazanmış tələbələrin nəticələri açıqlanmışdır

 

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə müraciət edən namizədlərin müsabiqə nəticələri açıqlanmışdır.

Müsabiqə nəticəsində 29 nəfər Azərbaycan vətəndaşı “2019–2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almaq hüququ qazanmışdır.

Təqaüdə layiq görülmüş namizədlər ABŞ, Birləşmiş Krallıq, Türkiyə, İsveçrə və Avstraliya kimi ölkələrin top 500-ə daxil olan nüfuzlu ali təhsil müəssisələrində iqtisadiyyat və  idarəetmə, təbiət, səhiyyə və rifah, təhsil, humanitar və  sosial ixtisas istiqamətləri üzrə elmi-tədqiqat işləri həyata keçirəcəklər.

“2019-2023 Dövlət Proqramı” çərçivəsində təhsil alan doktorantlar proqramın tələbinə uyğun olaraq, təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Eyni zamanda, onların təhsil aldıqları dövrdə yerli ali təhsil müəssisəsinin təlim-tədris sisteminin yenilənməsi, kurikulumların hazırlanması, birgə elmi-tədqiqatın aparılması və elmi məqalələrin hazırlanması prosesində iştirakları nəzərdə tutulmuşdur.

Proqram iştirakçıları ilə üçtərəfli müqaviləni imzalamış tərəfdaş yerli ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Xəzər Universiteti ön sıralarda yer alır.