• 30.10.2020
  • 2817
Təhsil naziri “2019-2023 Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin payız semestri üzrə xaricdə doktorantura təhsili almaq hüququ qazanmış tələbələrlə görüş keçirib.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində 2020-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsili üzrə müraciət edən namizədlərin müsabiqə nəticələri açıqlanıb.

 

Ümumilikdə, elektron ərizə sistemi vasitəsilə müraciətini təsdiq etmiş 54 nəfərdən 44 namizəd müsahibə mərhələsinə buraxılıb. Müsabiqə nəticəsində 23 nəfər Azərbaycan vətəndaşı “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” xaricdə doktorantura təhsili üzrə təhsil almaq hüququ qazanmış tələbələrlə oktyabr ayının 23-də onlayn görüş keçirilib. Mərasimdə Təhsil naziri Emin Əmrullayev, həmçinin Təhsil Nazirliyindən, Dövlət Proqramı İdarəetmə Qrupundan digər səlahiyyətli nümayəndələr iştirak ediblər. Görüşdə, Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura proqramına qəbul olmuş 23 tələbənin iştirakı da təmin olunub. Keçirilən görüşün məqsədi ümumi tanışlıq, təhsil müddətində tələbələrin təhsilinin maliyyələşdirilməsi, tərəflərin müqavilə öhdəlikləri, elmi-tədqiqat fəaliyyətlərindəki  nailiyyətlərin monitorinqi və ümumilikdə, proqramın gedişatına dair ətraflı məlumat verilmişdir. Eyni zamanda,  Təhsil naziri və digər qonaqlar çıxışlar edərək tələbələri təbrik edib və yeni tədris ilində tələbələrə uğurlar arzulayıblar.

 

Təqaüdə layiq görülmüş namizədlər ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, Kanada, Türkiyə,  kimi ölkələrin nüfuzlu ali təhsil müəssisələrində (“George Washington University”, “University of Victoria”, “İstanbul Üniversitesi”, Martin-Luther-University Halle-Wittenberg”, “University of Birmingham”) tədqiqat aparacaqlar. Onlar əsasən iqtisadiyyat və  idarəetmə, təbiət, səhiyyə və rifah, texniki və  texnoloji, humanitar və  sosial ixtisas istiqamətləri üzrə elmi-tədqiqat işləri həyata keçirəcəklər.

 

Proqram iştirakçıları ilə üçtərəfli müqaviləni imzalamış tərəfdaş yerli ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Xəzər Universiteti ön sıralarda yer alır. Müvafiq təqaüd proqramı barədə elan cari ilin 03.07.2020-ci il tarixində verilmişdir. 

 

Qalereya