• 27.08.2020
  • 1288
Bakı Mühəndislik və INHA universitetləri arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb
Avqustun 28-də Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında ikili diplom proqramı üzrə müqavilənin imzalanma mərasimi və mətbuat konfransı keçirilib. Onlayn təşkil edilən mərasimdə Təhsil nazirinin müavini İdris İsayev, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini icra edən, sektor müdiri Müjdat Həsənov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, INHA Universitetinin rektoru Myeongwoo Cho, İNHA Universiteti Tədqiqat və Biznes Fondunun prezidenti Taebeom Seo, akademik işlər üzrə prorektor Soobong Shin, tədqiqat və xarici əlaqələr üzrə prorektor Hyewook Won, Qlobal Təhsil Layihəsi Qrupunun dekanı Keeyoung Choi, beynəlxalq əlaqələr üzrə prorektor Jungho Kim, magistratura və doktorantura fakültəsinin dekanı Wonsup Hwang və digər şəxslər iştirak ediblər. Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı 4 mühəndislik ixtisası istiqaməti (inşaat mühəndisliyi, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, informasiya texnologiyaları) üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqramın icra dövrü ərzində hər il, hər bir ixtisas üzrə 25 nəfər olmaqla, 100 nəfərin qəbulu nəzərdə tutulub. İNHA ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən BMU-da bakalavriat pilləsinə qəbul aparılacaq. DİM-in təşkil etdiyi I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri elan olunduqdan sonra BMU tərəfindən sənəd qəbulu aparılacaq. Qeyd edək ki, sözügedən proqrama sənəd qəbulu ilə bağlı elanla keçiddən tanış ola bilərsiniz. Bakalavriat pilləsində təhsilin 3 il müddətinə Azərbaycan Respublikasında ingilis dilində, 1 il müddətinə isə Koreya Respublikasında koreya dilində aparılması nəzərdə tutulur. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi (DİM), daha sonra İNHA Universiteti tərəfindən BMU ilə birgə təşkil edilən onlayn riyaziyyat və fizika imtahanında və ingilis dilində müsahibədə iştirak etməlidirlər. Tədris İNHA Universitetindən dəvət olunan və eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara həm Bakı Mühəndislik Universiteti, həm də İNHA Universitetinin diplomları veriləcək.

 

 

                           

Qalereya