• 07.08.2020
  • 262
“İnkişaf təhsildən başlayır”
Sona Qaçayeva: “Dövlət idarəçiliyində yüksək ixtisaslı gənclərin təmsil edilməsi təhsilimizin uğurudur”
 
Müasir dövrün çağırışları Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafını zəruri edir. Bu zərurət ölkəmizdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması məsələsini müstəsna dərəcədə əhəmiyyətli edir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olmuşdur. Bu mənada 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizin təhsil sisteminə innovasiyalar gətirəcək mühüm bir addım kimi qiymətləndirilməkdədir. Bu proqrama müraciət edən və doktorant təhsilini Böyük Britaniyanın Edinburq Universitetində davam etdirmək imkanı qazanmış gənclərdən biri də Sona Qaçayevadır. 
 
Tanıtım. 1988-ci ildə Cəbrayıl rayonunun Maralyan kəndində anadan olub. Orta təhsilini Sumqayıt şəhərindəki “İstedad” liseyində alıb. Məktəb illərində bir neçə dəfə müxtəlif olimpiadalarda və bilik yarışlarında iştirak edib.
 
2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb.  2009-2012-ci illərdə Bakı Dövlət Universitetində həmin ixtisas üzrə magistr təhsilini fərqlənmə ilə bitirib. 2014-cü ildə SOCAR-ın Xarici Təqaüd Proqramının qaliblərindən biri seçilib və təhsilini bu şirkətin hesabına Böyük Britaniyanın Kardiff Universitetində beynəlxalq insan resurslarının idarə edilməsi üzrə magistr səviyyəsində davam etdirib. 2015-ci ildə 2-ci magistr təhsilini fərqlənmə ilə bitirib və təhsildəki uğurlarına görə Culian Hodc  (Sir Julian Hodge) mükafatı ilə təltif edilib. 
 
- 2019-2023-cü il Dövlət Proqramına qəbul olundunuz.  Proses sizin üçün necə keçdi? Prosesin təşkili barədə nə deyə bilərsiniz?
 
- Təhsilimi doktorantura səviyyəsində davam etdirməyi bir neçə il idi ki, planlaşdırırdım. 2019-cu ildə ən son QS Dünya Universitetləri Reytinqi üzrə (QS World University Rankings 2021) dünyada 20-ci yerdə olan Edinburq Universitetinə (The University of Edinburgh) sənədlərimi verdim və ardınca bir neçə mərhələli müsahibədən uğurla keçdikdən sonra İdarəetmə elmləri üzrə doktorantura səviyyəsinə qəbul oldum. Təhsil Nazirliyinin rəsmi veb səhifəsində Təqaüd Proqramının elanını gördüm və müraciət etməyə qərar verdim.  Təqaüdə müraciət elanında, əslində, lazım olan bütün məlumatlar qeyd edilir və hətta sual olarsa, Nazirliyin əməkdaşları köməklik göstərirdilər. Proqrama müraciət elektron ərizə vasitəsi ilə həyata keçirilir. Hər bir mərhələni və nəticəsini burada asanlıqla izləmək olur. Yəni, ümumilikdə çox yaxşı təşkil edilmiş bir prosesdir.
 
- DP-nin yüksək bilikli mütəxəssislərin hazırlanmasında rolunu necə qiymətləndirirsiniz?
 
- Hesab edirəm ki, yüksək ixtisaslı kadrların və müxtəlif elmlər sahəsində beynəlxalq səviyyəli araşdırmaçıların yetişməsində proqramın rolu əvəzsizdir. Universitetlərin beynəlxalq reytinqinin formalaşmasında belə müəllimlərin və araşdırmaçıların mühüm rolu var. Hamıya məlumdur ki, dünyanın aparıcı universitetlərində təhsil almaq olduqca böyük maliyyə vəsaiti tələb edir. Dövlət Proqramının bununla bağlı bizə kömək olması gənclər üçün müqayisə edilməz dəstəkdir. 
 
- Seçdiyiniz ixtisas barədə məlumat verərdiniz.  Doktorant  olaraq hansı mövzu üzərində işləyəcəksiniz?
 
- Qeyd etdiyim kimi, Edinburq Universitetinin İdarəetmə üzrə doktorantura pilləsinə daxil olmuşam. Tədqiqat mövzum Azərbaycanda işçilərin təşkilati ədalət mühakimələri və bunun təsirləri barədədir. Təşkilati ədalət yüksək olan müəssisələrdə işçilərin məmnunluğu, işə bağlılığı və ən əsası performansı yüksək olur. Bu baxımdan, təşkilatların idarə edilməsində olduqca vacib məsələlərdən biri hesab edilir. Ümumiyyətlə, Amerika və Avropa ölkələrində biznesin və təşkilatların idarə edilməsində etibarlı elmi araşdırmaların rolu böyükdür. İstərdim ki, Azərbaycanda da bu sahədə alimlər yetişsin, təşkilatların (həm dövlət, həm də özəl sektor) idarə edilməsi sahəsində ölkəmizin spesifikasına uyğun elmi dəlillər toplansın və onlardan təşkilatların fəaliyyətinin effektivliyinin artırılmasında istifadə olunsun. 
 
- Tədqiqatlarınızın tərəfdaş ali təhsil müəssisəsi üçün əhəmiyyətini necə qiymətləndirirsiniz? 
 
- ADA Universitetində biznesin idarə edilməsi ilə bağlı beynəlxalq səviyyəli dərslər keçirilir. Həmçinin, biznes və idarəetmə sahəsində ADA Universiteti bir sıra layihələrin müəllifi və təşkilatçısıdır. Bu səbəbdən hesab edirəm ki, həm dissertasiya tədqiqatım, həm planladığım bir sıra digər tədqiqatlar, həm də əldə edəcəyim akademik təcrübə bu universitet üçün və orada təhsil alan tələbələrimiz üçün faydalı olacaq.
 
- Məlum olduğu kimi,  Azərbaycanda dövlət idarəçiliyində yüksək hazırlıqlı gənclərin təmsilçiliyi artır. Dövlətin gənclərə bu etimadını necə dəyərləndirirsiniz?
 
- Fikrimcə, inkişaf təhsildən başlayır. Dövlət idarəçiliyində yüksək ixtisaslı gənclərin təmsil edilməsi son illərdə həm təhsilimizin, həm də idarəçiliyimizin uğurudur. İnanıram ki, bu etimad özünü doğruldacaq.
 
- Sizcə, DP-nin də əsas hədəflərindən olan yüksəkrəqabətli mütəxəssislər hansı meyarlara cavab verməlidir?
 
- Proqramın əsas hədəf qrupu dünyanın top 500 universitetlərində doktoranturaya qəbul əldə etmiş şəxslərdir. Yəni buna nail olmuş insanın təhsili, savadı, biliyi onsuz da yüksək səviyyədədir, əks təqdirdə həmin universitetlər onu qəbul etməzdi. Fikrimcə, əsas meyarlardan biri bu mütəxəssislərin gələcəkdə pedaqoji fəaliyyətdən daha çox elmi fəaliyyətlə məşğul olmaq istəyi çox mühüm amildir. Çünki Azərbaycanın və elmimizin belə alimlərə çox ehtiyacı var. Elmin inkişafı ölkənin inkişafına aparan yollardan biri və bəlkə də, birincisidir.
 
- Hazırda bir çox orta məktəb məzunu xaricdə təhsil almaq üçün seçim edir, gənclərə nə kimi tövsiyələriniz olardı?
 
- İstək çox qapının açarıdır. Yadımdadır, SOCAR-ın Xarici Təqaüd Proqramına sənəd verərkən o qədər də ümidli deyildim, çünki rəqabət böyük idi, amma çox istəkli və məqsədyönlü idim. Çox çalışdım, oxudum və seçildim. Gənclərə burdan demək istəyirəm ki, əziyyət heç vaxt yerdə qalmır. İstəyin, çalışın, mütləq alınacaq. 
 
- Gələcək hədəfləriniz barədə...
 
- Düşünürəm ki, Dövlət Proqramı biz gənclərə ölkəmizin inkişafı naminə öz töhfələrimizi vermək üçün geniş imkanlar yaradır. Bu baxımdan hazırda  əsas hədəfim doktorantura təhsilimi uğurla bitirib elmi fəaliyyətə başlamaqdır. Bundan əlavə, ölkəmiz üzrə bəzi tədqiqat ideyalarım var və onları həyata keçirməyi planlayıram. Bu tədqiqatların nüfuzlu beynəlxalq jurnallarda çap edilməsini istəyirəm.
 
 
Oruc MUSTAFAYEV