• 21.07.2020
  • 395
"2007-2015 Dövlət Proqramı" məzunu nüfuzlu Nobel görüşünə dəvət olunub
Rüstəm Cəmilov tədbirə dəvət almış 373 gənc iqtisadçıdan biridir
 
Böyük Britaniyanın London Biznes Məktəbinin (LBS) doktorantı Rüstəm Cəmilov Almaniyanın Lindau şəhərində keçiriləcək Nobel mükafatı laureatlarının iqtisad elmləri üzrə 7-ci görüşünə dəvət olunub. İqtisad elmləri üzrə üç ildə bir dəfə keçirilən Lindau toplantısı öz sahəsində mövcud iqtisadi məsələləri müzakirə etmək üçün ən parlaq gənc iqtisadçıları birləşdirir və elmi mübadilə üçün beynəlxalq forum kimi çıxış edir.
London Biznes Məktəbinin saytında yer alan məlumata əsasən, Rüstəm Cəmilov dünyanın hər yerindən nüfuzlu toplantıda iştirak etməyə dəvət olunmuş cəmi 373 gənc iqtisadçıdan biridir.
 
Gənc tədqiqatçı Böyük Maliyyə Böhranları dövründə iri maliyyə təsisatlarının mükəmməl rəqabət və bazar gücünün rolunu öyrənməklə məşğuldur. Onun tədqiqatları iqtisadi böhranların yaranmasında və güclənməsində maliyyə sektorunun roluna həsr olunub. Gənc alim makroiqtisadiyyat, maliyyə və bank işi, kibertəhlükəsizlik və məkan iqtisadiyyatı ilə də maraqlanır.
 
Lindau toplantısına dəvət almasını R.Cəmilov belə şərh edib: "Lindaunun iqtisadi elmlər üzrə iclaslarına dəvət almağım məni bu peşənin ən böyük zəkalarından bəziləri  ilə bir sıraya qoyardı".
 
Gənc tədqiqatçı hesab edir ki, belə bir şərəfi yaşamaq  həyatda bir dəfə olur:”Mənim onlardan soruşmaq istədiyim çox suallarım var və onların bizim nəslin bəzi aktual sosial-iqtisadi məsələlərinə dair fikirlərini eşitmək imkanının çatmamasını gözləyə bilmərəm”.
 
Məlumat üçün bildirək ki, R. Cəmilov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində London İqtisadiyyat və Politologiya Məktəbində magistr təhsili alıb. 2011-2013-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında iqtisadçı və Azərbaycan Dövlət İqtisad Universitetinində müəllim işləyib. O, həmçinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Milli makroiqtisadi məsləhətçisi olub. R.Cəmilov Mərkəzi Avropa Universitetində biznes inzibatçılığı üzrə bakalavr və Bokkoni Universitetində Beynəlxalq İqtisadiyyat və idarəetmə sahəsində incəsənət üzrə bakalavr dərəcəsinə malikdir. Onun  elm sahəsində  maraq dairəsi beynəlxalq makroiqtisadiyyat, pul-kredit nəzəriyyəsi və siyasəti, bank işi və maliyyə, iqtisadi inteqrasiyadır.
 
Qürurverici haldır ki, R.Cəmilov 2019-2020-ci tədris ilində AQR Aktiv İdarəetmə İnstitutunun London Biznes Məktəbinin aktivlərin idarə edilməsi sahəsində geniş tədqiqatlar aparan istedadlı doktorantları üçün nəzərdə tutulmuş Təqaüd mükafatını qazanıb. Bu mükafat intellektual cəsarət, akademik mükəmməllik bə yenilik nümayiş etdirən doktorantlara təqdim olunur.
 
Qeyd edək ki, iqtisadi elmlər üzrə 7-ci Lindau toplantısı və Nobel mükafatı laureatılarının disiplinar 70-ci görüşü COVID-19-a  görə 2021-ci ilə kimi təxirə salınıb.
 
Oruc MUSTAFAYEV